Covid-19 pandemiyasının yaratdığı psixoloji vəziyyət…
Pandemiyanın yaratdığı psixoloji vəziyyətdə necə edə bilərikki panik atak, depressiya, yuxu pozulması, travma sonrası stress pozuntusu, və sair kimi psixi xəstəliklər yaranmasın?
Dekabr ayında ortaya çıxan yeni coronavirus xəstəliyi, aprelin 4 olan rəsmi məlumata əsasən bütün dünyada 1 milyondan çox insanda aşkarlanıb, son 3 ayda 50 mindən çox insan bu xəstəlikdən ölüb, ölkəmizdə isə 360 yoluxma halı, 5 ölüm halı qeydə alıb. Təəssüflə qeyd etmək lazımdırki, bu rəqəmlər sürətlə artmaqdadır. Bu cür aqressiv inkişaf edən xəstəliyin qarşısını almaq, heç olmasa yayılma sürətini azaltmaq məqsədi ilə bütün dövlətlər tərəfindən müəyyən tədbirlər həyata keçirdir, yenə təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bugün təklif edilən profilaktik tədbirlərin həyata keçirilmə çətinliyi, effektiv müalicə metodunun tapılmaması bu qlobal fəlakətlə mübarizədə hələki gücsüz olduğumuzu ortaya qoyur.
Xəstəliyin yayılmaması ilə bağlı televiziya, radio, sosoial şəbəkələrdə kifayət qədər məlumatlar gedir, istər şəxsi gigiyena olsun istər dövlətin qəbul etdiyi karantinlə bağlı qərarlar olsun, artıq hamının məlumatlı olduğunu düşünürəm, bir qalır yenə hamının bu qaydalara riayət etməsi.
Psixoloji vəziyyətə gələndə isə, xəstəliyə tutulan hər 100 insandan 5 ni öldürmə qorxusuna əlavə, ölkə sərhədllərinin bağlanması, məktəblərin, universitetlərin bağlanması, iş yerlərinin bağlanması, insanların gəlirlərinin azalması və ya kəsilməsi, karantin qaydalarına əsasən ölkə daxilində hərəkətin məhdudlaşdırılması, hətta insanların evdən çölə çıxmasının qadağan edilməsi insanlarda təşviş, həyəcan hissi yaratmaya bilməz, insanda çarəsilik hissi yaratmaya bilməz. Bəzən çıxışlarda panika, qorxu həyəcan keçirtmək olmaz deyilir, bu fikirlər absurd səslənir. Bunu misallarla izah edim, bir yaxınımızın ölümündən sonra kədərlənməyimiz necə normal qarşılanırsa və ya bir təbii fəlakət, zəlzələdən sonra qorxu keçirtməyimiz necə normal qarşılanırsa və ya evimizdə yaxınlarımızdan biri ürəyində ciddi ağrı hiss edəndə təcili yardım biriqadasının gəlməsinə, yaxınımızın vəziyyətinin yaxşılaşmasına qədər keçirtdiyimiz həyəcan, təşviş hissi necə normaldırsa bu pandemiya zamanı da bu hissləri keçirtməyimiz normaldır. Hətta bunu deyə bilərəm bu hissləri keçirtməyənlərdə hansısa bir çatışamazlıq var.
Yaxşı bu hissləri keçirtməyimiz bizi yuxarıda sadalıdığım xəstəliklərə gətirib çıxarda bilərmi, çıxartmamağı üçün nələr edə bilərik? Yenə misallarla deyim. Yaxınımızın vəfatından sonra bizə dost tanışlarımız yaxınlarımız ziyarətə gəlir, başsağlığı verir, onlarla dərdimizi bölüşürük və bu kədəri yaşayıb bitiririk, yəni ölən insanın kədərini tək içimizdə çəkmirik. Və ya xəstələnib xəstəxanada yatdığımızda, sağalıb sağalmamaqla bağlı təşviş həyəcan keçirtdiyimizdə, yaxınlarımızın bizi ziyarətə gəlməsi, əhvalımızı, ağrıyan yerimizi, bir köməyin lazım olub olmadığın soruşması bizi tək hiss etdirmir, bizə mənəvi dayaq olur, təşvişimizin, həyəcanımızın azalmasında mühim olan mənəvi gücü verir. Təbii fəlakətlər zamanı ölüm qorxusu, evsiz qalma qorxusu, çarəsizlik hissi dövlətin verdiyi kömək, bizi fəlakətdən qoruması sayəsində azalır.
Bugün pandemiya zamanı bu missaların hər üçünü bir yerdə yaşayırıq, psixi problemlərin yaranmaması üçün də çəkdiyim misallardakı üsullardan istifadə etməliyik. Ancaq biraz fərqli üsullarla, yaxınlarımızla internet vasitələrindən istifadə edərək, evdən çıxmadan yaxınlarımızla əlaqə saxlamaq, hal əhval soruşmaq, xəstəliklə bağlı hisslərini soruşmaq və ya danışmaq, ailəmizlə daha çox söhbət etmək, yenə yaranan qorxunu, həyacanı, çarəsizliyi dilə gətirməliyik, çünki insan danışdıqca daxili aləmindəki gərginlik ifadə olunur və insan rahatlaşır. Bundan əlavə gecə yuxusuna diqqət etmək, gün ərzində evdə gimnastika etmək, kitab oxumaq, müsiqiyə, bəlgəsəllərə, maraqlı kinolara baxmaq, peşəkarlar tərəfindən təqdim edilməyən məlumatları oxumamaq, düşünürəm ki, bu dövrü travmasız keçirdəcəyimizə kömək edəcəkdir. Eyni zamanda həyatın davam etdiyini, çətin günlərin mütləq sona çatacağını, hər zamanki normal həyatımıza qayıdacağımızı da bir birimizə xatlrlatmalı, ümid aşılamalıyıq. Bilirsiz tarixən belə pandemiya halları yaşanıb, hər biri də bir müddət sonra sona çatıb, burada hər birimizə düşən vəzifə nədirsə, həkimlərimizin riskli şəraitdə xəstələri müalicə etməyi, polisimizin əsayişimizi qoruması, gələcəyimiz olan şagirdlərə tələbələrə müəllimlərin internet vasitəsi ilə evdən evə dərs keçməsi, çoxumuza düşən vəzifə evdən çölə çıxmamaqdırsa, bu vəzifələri yerinə yetirməyimiz şərtdir. Sonda bir şeyi də əlavə etmək istəyirəm, cəmiyyətə faydalı ola biləcək işləri düşünmək, həyata keçirtmək, insanlıq borcumuzdur. İnsan borcun verərkən ruhən də rahatlayır. Fürsətdən istifadə edib, mən də hərbirinizə evdə qalmağınızı, eyni zamanda ünsiyyətdə qalmağınızı tövsiyə edirəm, biz birlikdə güclüyük.