Müharibə sonrası psixoloji problemlər

Müharibə sonrası psixoloji problemlər

 

İnsanın şəxsiyyətinin, xarakterinin, xasiyyətinın formalaşmağı  onun doğub böyüdüyü ailə, mədəniyyət, coğrafiya, ətrafında baş verən hadisələrlə bir başa bağlıdır. Fərdin formalaşdığı dövrdə bu səbəblərlə bağlı yaşanan problemlər fərdin psixologiyasına təsirsiz ötüşmür. Bu təsirlər bəzən fərdin və ya toplumun birləşməsinə, böyüməsinə, inkişafına, fərdlərin həyatı daha yaxşı anlamağına gətirib çıxarır, bəzən isə fərdin və toplumun geriləməsinə,  fərddə psixoloji problemlərə, toplumda isə bölünmələrə, narazı kütlələrin artmasına səbəb olur. Yaşadığımız hadisələri bu mənada ələ aldığımızda müharibələrin psixologiyamıza təsirini daha yaxşı anlamış olarıq.  

 

Həm bizdən əvvəl vətənimizdə yaşanan müharibələr bizim genetik yaddaşımızda, böyüklərimizdən bizə ötürülən xatirələrdə, həm də bizim yaşadığımız birinci Qarabağ müharibəsi bizim psixologiyamızda müəyyən izlər buraxmışdır. İkinci Qarabağ müharibəsinə qədər yaşadığımız və ya xatirlərlə bizə ötürülən qayğılar bəzilərimizdə çarəsizlik, tamamlanmamış yas, özünə güvənin azlığı kimi mənfi psixologiya formalaşdırmış, bəzilərimizdə isə itirilmiş torpaqların şəxsiyyətimizdə formalaşdırdığı “yarımçıqlıq” defektini bərpa etmək üçün çalışmağa, güclü olmağa, məsuliyyətli olmağa sövq etmişdir. İkinci Qarabağ müharibəsininin qısa müddətli gedişi və nəticəsi bizə göstərdi ki, travmalara məruz qalan xalqımızın böyük əksəriyyəti və eyni zamanda dövlətimiz bu illər ərzində güclənmiş, daha məsuliyyətli olmuş, nə istədiyini daha konkretləşdirmiş hala gəlmişdir. Təbii ki müharibə ən son çarə olaraq ortaya çıxmışdır. Zəfərlə nəticələnməyi bundan sonrakı həyatımıza daha böyük uğurlar qatacaqdır. Çarəsizlik hissi ümid hissi ilə əvəzlənib, yasımız tamamlanır, özümüzə güvənimiz isə artacaqdır. 

 

Vətən Müharibəsi bütünlükdə xalqın böyük dərdinə dərman olmaqla yanaşı, bu müharibədə şəhid olan qəhramanlarımızın ailələri, qazilərimiz üçün travmasız da ötüşməmişdir. Müharibədə mənfur düşmən tərəfndən dağıdılmış şəhər və kəndlərin, tarixi – mədəni abidələrin bərpası və təbii ki əsas diqqət mərkəzində olan müharibədən təsirlənən insanların reabilitasiyası, əvvəlki sağlamlıqlarına qayıtması dövlətin və hər bir vətandaşın proitet fəaliyyət istaməqi olması lazımdır. 

 

1 sual cavab

Fuad bəy, cəmiyyətdə müharibə zamanında müşahidə olunan əhval-ruhiyyə ilə müharibədən sonrakı psixoloji-emosional vəziyyət arasında hansı fərqlər olur?

 

Sualınıza cavabı infeksiyaya yoluxan insanın həmin xəstəliklə mübarizəsi ilə müqayisəli şəkildə vemək istəyərəm. Bədənimizə hər hansı bir infeksiya düşərsə, ürək-qan damar sistemi, tənəffüs, mərkəzi sinir sistemi kimi bədənin bütün orqanları həmin infeksiyanın bədəndən dəff edilməsi üçün bir sistem halında çalışar, əgər orqanizmimiz kifayət qədər sağlamdırsa xəstəliyə qalib gələr, xəstəlik bitdikdən sonra yenə orqanizmin bütün sistemləri birgə çalışaraq mikrobun bədənə verdiyi zərərləri ortadan qaldırmağa başlayar. 

 

Bu müharibəyə qədər olan düşmənin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, sürgün və müharibələr tibbi dildə ifadə etsəm “bədənimizdə təbii immunutet”  yaratmış, düşmənin vətənə, vətəndaşa, dövlətə qarşı növbəti təxribatı ilə həmin immunutet sistemi işə düşmüş düşmənə qarşı birlik göstərməyə sövq etmiş, sağlam orqanizmin xəstəliyə qalib gəldiyi kimi düşməni məhv etməyə qadir olmuşdur. Bu vətənimizin orqanizm kimi kifayət qədər sağlam olduğunun göstəricisidir. Bundan sonra isə proseslər isə daxildə gedəcəkdir. Əgər kifayət qədər sağlam duruş, düşüncə və hərəkət həyata keçirə biləcəyiksə düşmənin vurduğu zərərləri, travmaları iz qalmadan sağalda biləcəyik. Burada da düşmənlə mübarizədə olduğu kimi hədəflərimizin konkret olması, görüləcək işlərin şəffaf və ədalətli olması duyğu və düşüncələrimizin dağılmamasına, ümid və güvənimizin eyni zamanda gücümüzün daha da artmasına gətirib çıxaracaqdır. 

 

2 sual cavab

Müharibədən sonra cəmiyyətdə psixoloji-emosional vəziyyəti nəzarətdə saxlamaq üçün hansı addımlar atılmalıdır?

 

Müharibə düşmənə, tək bir hədəfə istiqamətlənən nifrət, qisas alma kimi  psixi emosiyonal halın yaranması və bu istiqamətdə davranış sərgiləmək əslində hər kəsdən gözlənilən hal idi. Bu nifrət və qisas hissindən yaranan enerji müharibə zamanı qismən boşaldı, qismən deyirəm çünki, şəhidlərimiz, qazilərimiz, dağıdılmış yaşayış yerlərimiz, ziyarətgah yerləri, qəbirstanlıqlarımız bizdə düşmənə qarşı olan hisslərimizi davam etdirməkdədir. Bu hisslərdən yaranan enerjinin daxildə özümüzə zərər verməməyi üçün, təsirlənən hər bir kəsə mümkün olan ən qısa vaxt ərzində kömək edilməsi lazımdır. 

 

3 sual cavab

Müharibənin aktiv iştirakçıları – qazi, əsgərlərin psixoloji reabilitasiyası hansı formada aparılmalıdır?

 

Müharibədə sözsüz ən çox təsirlənən insanlar şəhid yaxınları və qazilərimiz oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə tezliklə şəfa verməyini diləyirəm. Onlar bizim ən dəyərli insanlarımızdır. Belə dəyərli insanlara da layiq olacaq şəkildə münasibət göstərmək, qayğılarına qalmaq lazımdır. Qazilərimizdə müharibənin verdiyi yorğunluq, emosiyonal gərginlik onlarda Travma sonrası Stress Pozuntusu, Depressiya, Təşviş Pozuntusu kimi psixi xəstəliklərin yaranması ehtimalını artırmışdır. Yaranmış əsəb xəstəlikləri onların əvvəlki həyatlarına qayıtmağa mane olmaqda və ailə və yaxınlarında da gərginliyi artırmaqdadır. Bir çox halda əsəblə bağlı yaranmış  problemlərin həllinin bilinməməzliyi, xəstəliklərdən məlumatsız olma və ya bu cür xidməti almaqdan çəkinmək və ya əl çatan olmaması problemləri bir az daha dərinləşdirir. Bunun üçün mütləq şəkildə hər bir şəhidin, qazinin, Əsgərin ailəsi ilə bir mərkəz tərəfindən təyin olunmuş işçilər olmalıdır. Bu işçilər bucür ailələrin sosial və psixi vəziyyətləri haqqında  gündəlik xəbərdar olmalıdırlar. Ehtiyacları qarşılanmalıdır. Müharibədən əziyyət çəkən qazi və Əsgərlər üçün reabilitasiya mərkəzləri yaradılmalı, bütün tibbi xidmətlərlə yanaşı psixoloji, psixiatrik dəstək verilməlidir. Problemlərə vaxtında edilməyən müdaxilələrin sonra xronikləşəcəyi unudulmamalıdır. 

 

4sual cavab

Müharibə qəhrəmanlarının psixoloji reabilitasiyası zamanı ailə üzvlərinin də bu prosesə cəlb edilməsi nə dərəcədə əhəmiyyət daşıyır? Onların üzərinə düşən öhdəliklər nələrdir?

 

Şəhid ailələrində yaranan itki ailənin hər bir üzvündə hamıdan daha çox yara açır. Bu yaranın bir şəhid yoldaşının “şəhidimlə qurduğumuz xəyalların içərisində şəhidlik yox idi” cümləsindəki kimi  sağalması çox çətindir. Şəhidin adının əbədiləşdirilməsi, uğurunda canını verdiyi vətənində yaxınlarının hörmətlə qarşılanması, məişət- sosial problemləriminin qalmaması, ailə üzvlərinin dərdlərinin ən azından artmamasına səbəb olacaqdır. Bu eyni zamanda hər bir qazi və Əsgərimiz üçün də eyni şəkildə edilməlidir. Ehtiyacı olan hər bir kəsin istər, müharibə iştirakçısı olsun istər onların ailə üzvləri hər biri reabilitasiya mərkəzlərindən faydalanmalıdır.  

 

5sual cavab

 Bu prosesdə cəmiyyətin öhdəsinə düşən nədir?

 

Cəmiyyətin hər bir üzvü bunu düşünməlidir, şəhid olanlar bizim yerimizə şəhid oldular, yaralanan hər bir Əsgər bizim yerimizə yaralı oldu. Bizim onlara bir can borcumuz var, bizim onlara bir sağlamlıq borcumuz var. Borcların qaytarmaq bizim öhdəliyimizdədir, eyni zamanda bu öhdəliklər dövlətin və cəmiyyətin hər bir üzvünə aiddir. Vəzifələrimizi yerinə yetirəndə daha məsuliyyətli, daha diqqətli olmalıyıq. Onların aldıqlarını biz daha yaşanan yer halına gətirməliyik, daha güclü etməliyik. 

Qeyd. Müsahibə AYNA ya verilmişdir.

https://azerforum.com/az/muharibesonrasi-mene-sene-bize-dushenler-ne-etmeliyik

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54