skip to Main Content

Bipolyar affektiv pozuntu nədir?

Bipolyar Affektiv Pozuntu Nədir?

Bipolyar affektiv pozuntu daha çox yeniyetməlik və gənc yaşlarda özünü büruzə verir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər 100 nəfərdən 5-9 nəfəri bu xəstəlikdən əziyyət çəkir.

Xəstəliklərin Beynəlxalq təsnifatının müəyyən etdiyi kimi, Bipolyar affektiv pozuntu xəstənin əhval-ruhiyyəsi və fəaliyyət səviyyəsinin əhəmiyyətli dərəcədə pozulduğu, təkrarlanan epizodlarla xarakterizə olunan bir xəstəlikdir. Bəzi hallarda bu narahatçılıq əhval-ruhiyyənin yüksəlməsi və artan enerji və fəaliyyət (mania), bəzən isə əhval-ruhiyyənin aşağı düşməsi, enerji və fəalliyətin azalması (depressiya) ilə özünü biruzə verir.

Bipolyar affektiv pozuntu zamanı hansı əlamətlər görülə bilər?

Manik epizod, artan enerjiyə bağlı xarakteristik olmayan irritativ və ya yüksək əhval-ruhiyyə, fəalliyyətlərdə artma, yuxuya olan ehtiyacda azalma, düşüncələrdə artma, pafosla danışma (emosiyonal, şişirdilmiş çox danışma) ilə xarakterizə olunur. Çox vaxt xəstələr xüsusi ilə yaxşı inkişaf etmiş qabiliyyətlərinin olduğunu və ya məşhur şəxsiyyətə sahib olduqlarına inandıqlarına görə özlərini çox yüksək səviyyəli biri hesab edirlər. Bu cür xəstələr sosiyal davranışlarını (xüsusi ilə cinsəl) kontrol etməkdə çətinlik çəkir, özlərinə və ətrafındakı insanlara zərər verəcək hərəkətlərə yol verirlər. Müraciət edən xəstələrin bir çoxu spirtli içkilərdən, narkotik vasitələrdən, lazımsız yerə yüksək məbləğdə pul xərcləmə, yüksək məbləğdə kredit götürmə kimi simptomlara sahib olurlar. Onlarda rənglərə, səslərə qarşı həssaslıq artır, daha çox makyaj edir, daha rəngli geyimlərə üstünlük verirlər. Manik epizod keçirən xəstələr iş görmə qabiliyyətlərini itirir, insanlar arasındakı münasibətləri pozulur.

  • Hipomanik epizod zamanı manik epizod əlamətləri daha yüngül olur, iş qabiliyyəti daha az pozulur, çox vaxt bu cür xəstələr öz işlərinə davam edə bilirlər. Qeyd etmək lazımdır ki, çox az rast gəlinsə də, antidepressant dərmanlardan sonra manik və ya hipomanik epizod keçirtmək mümkündür, bu zaman antidepressant dərman mütləq kəsilməli, Bipolyar xəstəliyin müalicəsi başlanmalıdır.
  • Depressiv epizoddan əziyyət çəkən xəstələr əhval-ruhiyyənin azalması, maraq və motivasiyanın aşağı düşməsi, həddindən artıq yorğunluq və halsızlıq, intihar düşüncəsi kimi simptomlara sahib olurlar. Diqqətin azalması, yaddaşın zəifləməsi, özünə inamın azalması, gələcəklə əlaqəli mənfi düşüncələrə, ümidsizliyə sahib olurlar.
  • Qarışıq epizod zamanı xəstələr həm manik, həm də depressiv epizodun simptomlarını eyni vaxta yaşayır.

Müalicə necə aparılır?

Xəstəliyin müalicəsinə gəldikdə isə dəqiq alınmış anamnez, düzgün diaqnoz və müalicə ilə xəstəlik tam olaraq sağalır. Dərman müalicəsi isə xəstənin keçirtdiyi epizodların sayına görə təyin edilir, çox zaman ömür boyu davam edən qoruyucu müalicə ilə xəstəlik bir daha təkrarlanmır.

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top