Yas haqqında

Yas- dediyimizdə ağlımıza gələn kənd, rayon yerlərində çadırdan qurulmuş mağar, sıra ilə düzülmüş masalar,ətrafında oturacaqlar, mağarın başında molla üçün qoyulmuş ayrıca masa, mollanın başı üzərində çox zaman ölən insanın şəkli, verilən dualar, oxunan rəhmətlər, hüzür sahibinə verilən başsağlıqları- hüzür, yas havası xatırlanır.
Psixologiyada yas dediyimizdə sevilən bir insanın və ya sevilən bir əşyanın itirilməsinə verdiyimiz reaksiyadır, eyni zamanda, yas tutma kiçik itirilmələrə və ya dəyişikliklərə verilən psixolojik reaksiya, daxili aləmimizlə reallıq arasında uyğunlaşma yaratmaq üçün etdiyimiz razılaşmadır.
Ölüm yaşadımız itgilər içərisində ən dərin hiss edilən olması etibarı ilə yasın prototipini ölüm üzərindən izah etmək daha anlaşılan olacaqdır. Ailə fərdlərindən, yaxın dostlardan birinin ölümü hər zaman bizi üzər, kədərləndirər. Üzülmə, kədərlənmə ilə yanaşı bir çox fərqli hissi eyni zamanda yaşayarıq. Bu yaşadığımız hisslərimiz ölən insanın bizə yaxınlıq dərəcəsinə, onunla olan münasibətimizin tərzinə, həyatımızdakı yerinə eyni zamanda ölümün baş verdiyi səbəbə görə dəyişər. Ölümün cavan yaşda, anidən gəlməsi ilə yaşlılıqda, uzun çəkən xəstəliklərdən sonra gəlməsi bizə kədərlə yanaşı fərqli hisslər yaşadacaqdır. Dənizdə boğulan və ya itgin düşən birinin ölümünü qəbul etməklə müharibə və ya təbii fəlakətlər zamanı birisinin ölümünü qəbul etmək arasında hiss edilənlər fərqli olacaqdır. Yuxarıdakı sadaladığım misallardan birincilərində yası tutma ölümün gözlənilməz olduğundan qəbulunu da çətinləşdirər. Əgər məndən soruşmaq istəsəz ki normal yas necə tutulur, verəcəyim cavab yas tutmağın hazır bir resepti olmadığıdır. Yas tutma şəkli individual olmaqla yanaşı, kədər hisslərimizə hər zaman hakim olar. Kədəri inkar etmək qanayan yaranı görməzdən gəlmək kimi axmaqlıq olar. Yas hər insanın yaşadığı, sadəcə, adlandıra bilmədiyi / adlandırmadığı bir psixoloji reaksiyadır. Ölüm sonrasında ölən insanın yoxluğu ilə ortaya çıxan boşluğa alışmaq, münasibətlərin təkrar gözdən keçirilməsi, ölən insanın funksiyaları yaxınları tərəfindən paylaşılması, üstlənməsi ölənin sadəcə yaxşı tərəfləri ilə anılması çox zaman dilə gətirilmədən yaxınları tərəfindən qəbul olunur, riayət edilir.
Yas tutmağa paralel olan hissimiz kədər olsa da, yasa verilən reaksiya davranışlarımız, mədəniyyət fərqliliyindən, adət-ənənələrdən, coğrafi şəraitimizdən, daha əvvəlki yaşadıqlarımızdan, itirdiyimizin bizə olan yaxınlığı, itirilmə şəkli və s, ən nəhayət şəxsi xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Mədəniyyətimizdə ölənin arxasıyca ağlayıb, öləni qüsullayıb təmiz parça ilə kəfənləyib torpağa basdırıb, xatırlaması üçün başdaşı qoymaq normal sayılır. Hindistan, Nepalda Hinduizm inancına görə – ölən birisini yandırıb, külünü müqəddəs saydıqları Ganji çayına axıtmaq və yaxınlarının həmin çayda çimməsi şəklində yas saxlanılır. (Yas tutmanın müxtəlifliyi)
Yas sadəcə ölümlə bağlı deyil, boşanma, ayrılma, yer dəyişmə, köç etmə, ağır xəstəliyə tutulma, yaxın insanlardan birinin ağır xəstəliklə mübarizə aparması və s. Uşaqlıqdan- qocalığa qarşımıza çıxan kiçik və ya böyük itgilər qarşısında kədər duymağı dəfələrlə yaşayırıq. Məktəbə başlayan bir uşağın oyuncaqlarından, baxçasından, qayğısızlığından ayrılıb məktəbə, müəyyən bir nizama- vaxtında dərsdə olmağa, önlük və ya eyni formada geyimə, verilən tapşırıqları öyrənməyə və hazırlamağa alışmaq deməkdir. Bəzən məktəbə yeni başlayanların evlərində körpə kimi səs tonu ilə danışmağı, oyuncaqlarına təkrar sarılmağı və ya öyrəndiyi söz ilə istəmək yerinə, ağlama ilə istəklərinin anlaşılmasını istəməsi yas tutmağa verə biləcəyim misallardan biridir.
Bəzi gənclər üçün ata-anadan ayrı yaşamaq gəncdə hər hansı bir psixi gərginlik yaratmaqdır, bəzi gənclərdə həddindən artıq üzüntüyə səbəb olmaqda, bəzi gənclərdə ailənin yanında edə bilmədiklərini daha rahat bir şəkildə edə bilməsi- bəzən isə valideynlərin uşaqlardan ayrıldıqdan sonra fərqli psixoloji reaksiyalar yaşaması yenə yas tutma ilə əlaqəlidir.
Və ya oxumaq üçün şəhərini və ya ölkəsini dəyişən gənclərin şəhərinə və ya ölkəsinə məxsus mədəniyyəti – yeməyi, musiqisini, eyni ləhcəni və ya dili danışanları daha yaxın görməsi, darıxması, əvvəl olduğundan daha artıq maraq göstərməsi və müdafiə etməsi də yas tutmanın bir başqa misalıdır.
Yas, bir qədər bəlağətli səslənsə də, doğumla başlayar, körpənin heç bir əziyyət çəkmədən ana bətnində qidalanması, eyni tempraturda yaşaması, körpənin toxunulmazlığını bitirib doğulması və bəzən soyuq, bəzən isti, bəzən ac, bəzən həddindən artıq yemək verilməsi, bəzən yatdığı yerin narahat olmasına keçməyi bəlkə də ilk yaşanan ağlamalar yas tutma reaksiyasıdır.
-Yas yaşanmayanda anormal yasa çevrilir.
-Yaşamaq nə deməkdir — yas reaksiyası müxtəlif hisslər, düşüncə və davranışlarla ortaya çıxar. Yasın şəklinə əsasən fərqlənir yası yaşamaq. Kədər hissi yaşanan yasda gizli ya da aşikar olmaqla hər zaman vardır, eyni zamanda müəyyən hisslər daha qabarıq yaşanır. Vətənindən ayrılan birinin darıxma, sıxılma, özünü tək hiss etməsi, valideyinindən ayrılan birisinin böyümə, məsuliyyət hissi, evlənəcək birisinin qorxu ilə qarışıq həyacan hissi, boşanan birisinin peşmançılıq hissi hisslərə daha hakim olar. Yasa verilən ilkin reaksiyanı yenə ölüm üzərindən izah etməyə çalışacamş Bir insanın ölümünü eşitdikdə “ Nə danışırsan cavan adam idi və ya dünən bir yerdə idik” –kimi- sözlər, daha sonra “həkimə getsəydi, maşını yavaş sürsəydi “ – kimi bazarlıq, “hələ yaşamalı idi” kimi üsyan,”o öləndən sonra yaşamağa dəyməz” kimi depressiv, son mərhələdə qəbullanma, həyata davam etmə. Sadaladığım mərhələlər bəzən bir neçə dəqiqədən bir neçə aya, ilə qədər çəkə bilir, bəzən bu mərhələ təkrarlana və ya yer dəyişdirə bilər. Bu sayılan mərhələlər yaşanmayanda və ya bir mərhələdə ilişib qalanda və ya yasa uyğun olan kədər paralellik göstərməyəndə anormal –patolojik yas ortaya çıxır. Patolojik yas – yası yaşaya bilməyən insanlarda ortaya çıxan fərqli psixi problemlərdir. Üzüntü halının gedərək artması, insanın özünə olan hörmətinin azalmasından psixotik vəziyyət sayılan reallığı qiymətləndirmə bacarığının itirməsinə qədər müxtəlif şəkillərdə özünü biruzə verir.
Yas sadəcə fərdə aid deyil, ailəyə , bir nəslə, xalqa və ya bir dövlətə də aid ola bilər. Bir xalqın yası dediyimiz də xalqa aid çox önəmli maddi və ya mənəvi itgidən söhbət gedir. Bu həm tarixi bir şəxsiyyət və ya ərazi və ya mədəni mirasın itirilməsi və sair ola bilər. Kütlənin verdiyi yas reaksiyasında ortaq cəhət kiçik qrupların daxilində olan birləşmə, ortaq yönlərin daha çox qabardılması olaraq ortaya çıxır.
Həm patolojik yas həm də xalqın (toplumun) yası haqqında ayrıca yazacağam.
Unutmamaq lazımdır, həyat olduğu müddətdə yasdan qaçmaq mümkün deyil, doğru yaşanan yas- doğumdan ölümə, fərddən topluma, keçmişdən gələcəyə hər zaman böyümə, olqunlaşma ilə nəticələnən həm fərd, həm də xalq psixologiyasında önəmli rol oynayır.
Psixiatr, Uzman Dr.
#psixiatr #psixologiya #yas #FuadBəşirov #uzmandoctor
